Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (6.1)

 

Altıncı dərs

İnsanın ruhu (1)

«وَ يَسْأَلُونَکَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَ مَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلاَّ قَلِيلاً »

(Ey Peyğəmbər!) Səndən ruh barəsində soruşurlar. De ki: “Ruh yalnız Rəbbimin bildiyi bir işdir. (Bu barədə) sizə çox az məlumat verilmişdir”.(İsra,85).

Ötən dərslərdə “Quranda İnsanşünaslıq” mövzusu barədə məlumat verdik və bu nəticəyə gəldik ki, insan həm ruha, həmdə cismə malik olan bir varlıqdır. Həmçinin öyrəndik ki, insan Allah xəlifəsi olmaq istedadına malikdir və o, başqa varlıqların daşıya bilməyəcəyi bir əmanətə sahibdir. 

Quranda “Ruh” haqqında zikr olunan ayədə belə oxuyuruq: O gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər. (Qədr, 4).

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ

Təfsirçilərin çoxu, ayədəki “Ruh” sözünün insana (İnsan ruhuna) aid olduğunu bildirirlər. Amma bəzi dəqiq və daha düzgün təfsirlərdə, ayədəki “Ruh”-un, mələklərdən fərqli bir varlığın ruhuna aid olduğu bildirilir.

Amma bəzi ayələrə diqqət yetirsək, görərik ki, Peyğəmbərdən (s) insanın ruhu haqqında soruşub, insan ruhunun həqiqətini öyrənmək istəyənlər də olub. Doğurdan da maraqlıdır ki, görəsən insanının ruhunun mahiyyət və keyfiyyəti nədən ibarətdir? Məhz bu sualın cavabını öyrənmək üçün, Peyğəmbərə (s) bu sual ünvanlanıb. Allah-taala buyurur: “Səndən ruh haqqında soruşurlar”. (İsra,85).

«وَ يَسْأَلُونَکَ عَنِ الرُّوحِ

Ümumiyyətlə sual vermək və həmin sualı cavablamaq, inkişafın ilk pilləsidir. İslam dini sualdan qaçan din deyil, əksinə sual verməyi dəstəkləyən və insanın suallarını araşdıran bir dindir. Buna görə hədislərin bəzisində deyilir ki, soruşun, əgər soruşsanız dörd nəfər savab qazanar.

Yuxarıdakı ayəyə diqqət yetirsək, görərik ki, Allah-taala ayəni “Səndən soruşurlar” cümləsi ilə başlayır. Bu cümlədən başa düşürük ki, islam dini sualın əleyhinə olan bir din deyil, əksinə onu cavablamağın tərəfdarıdır.

 

 

 

 
 

 

 

Ayənin davamında Allah buyurur: De ki: “Ruh yalnız Rəbbimin bildiyi bir işdir. (Bu barədə) sizə çox az məlumat verilmişdir”. (İsra,85).

Təfsirçilərin çoxusu, bu ayədə işlənən “Ruh”-dan məqsdə, insanın ruhudur.

 

Bəzi Quran tərcümələrində, bu ayə yanlış tərcümə edilib. Belə ki, həmin tərcümələrdə ayəni oxuyanda, elə anlaşılır ki, güya ruh Allahın işlərindən biridir və insanlar bu işə heç cür müdaxilə edib, haqqında sual belə verə bilməzlər.

Bu növ tərcümələrin səbəbi, tərcüməçilərin quranla daha yaxşı tanış olmadıqlarına görədir.

Danışdığımız ayədəki “Əmr” sözü, ərəb köklü bir kəlmədir və tərcümədə, “İş” mənasındadır. Amma quranda bu söz, özünə məxsus mənaya malikdir.

 

Ona görə də Əllamə Təbatəbayi “Əl-Mizan” kitabında “Əmr” sözünü müxtəlif cəhətlərdən araşdırmışdır.

Quran da buyurur: “Yaranış da Allaha məxsusdur və əmr də Allaha məxsusdur”. (Əraf,54).

لَهُ الْخَلْقُ وَالْأَمْرُ

Bu ayədən başa düşülür ki, iki növ aləm var. Onlardan biri Yaranış, digəri isə Əmr aləmidir.

Yaranış aləmi tədrici yaradılmış, əmr aləmi isə ani və birdəfəlik baş verir.

Allah-taala “Əmr aləmi” haqqında buyurur: O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyə əmr edər. O da dərhal olar.(Yasin,82).

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

Gördüyümüz kimi,  əmr aləminin sistemi belədir ki, bir şeyə “ol” deyilsə, həmin şey dərhal olur. Amma yaradılış aləmindəki proses tədricidir.

Misal üçün insanın ana bətnində inkişaf edib, insan şəklinə çevrilib, dünyaya gəlməsi üçün doqquz aya lazımdır. 

Allah-taala insanın ana bətnindəki tədrici yaradılışı barədə buyurur: Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır! (Muminun,14).

ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

 

 

 

 

Tədrici yaradılış üçün, alma toxumunun alma ağacına çevrilməsini də misal gətirmək olar. Belə ki, hər birimiz bilirik ki, alma toxumunun alma ağacına çevrilməsi zaman aparır. Yaradılması zaman aparan və tədrici olan varlıq xəlq (yaranış) aləmindən hesab edilir.

İnsana ruhun verilməsi, əmr aləminə məxsusdur. Allah bu barədə buyurur:

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” (Sad,72).

Mələklər də belə yaradılırlar. Yəni onların yaradılışı da bir anda olur.

Mələklərin hər biri müəyyən məqama malikdir və onların tənəzzül və inkişafı olmur. Onlar bir dəfəyə və ani yaradılan əmr aləminə məxsusdular.

Allah mələklər barədə buyurur: (Mələklər belə deyərlər:) “Bizim hər birimizin müəyyən bir məqamı vardır. (Sad, 163).

وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ

Allah-taala ruhun həqiqətinə işarə edərək, buyurur: (Ey Peyğəmbər!) Səndən ruh barəsində soruşurlar. De ki: “Ruh yalnız Rəbbimin bildiyi bir işdir.(İsra,85).

وَ يَسْأَلُونَکَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي

İnsanın ruhu əmr aləminə aiddir.

Əmr aləminə mələkut aləmi də deyilir. Əmr aləmi batini əmr, ruh aləmi və mücərrəd aləmdir.

Ümumiyyətlə dünyadakı varlıqlar iki növdür: 1- Maddi varlıq. 2- Mücərrəd varlıq.

Ona görə də İnsan, maddi varlıq hesab edilən hiss vasitələri ilə ruhu tanıya bilməz.

(Bu barədə) sizə çox az məlumat verilmişdir”. (İsra,85).

 وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلً

Zikr olunan ayənin bir mənası budur ki, insanların çox az bir qismi bu mövzu (Ruhun həqiqəti) barədə elmə sahib ola bilər. Başqa bir mənası isə budur ki, İnsanların ixtiyarında olan vasitələrlə, Ruhun həqiqətini çox az dərk etmək mümkündür. Yəni maddi hissiyyat vasitləri ilə (göz, qulaq və s…) ruha barədə çox az elm əldə etmək mümkün olar. Ruhun həqiqətini tanımaq üçün, vəhy, təfəkkür və s. kimi digər vasitələrə ehtiyac var.

Necə ki, insanın bədəninin qüvvəyətli və güclü olması üçün, su və yeməyə ehtiyacı var, Ruhun da güclənməsi və inkişafı üçün, özünə məxsus mənəvi qidaya ehtiyacı var. Ruhun qidası, elm, mərifət və ibadətdir.

Həm cismin, həmdə ki, ruhun düzgün qidalanması çox önəmli mövzulardan biridir. Ona görə də, Allah buyurur: Elə isə insan yediklərinə bir nəzər salsın! (Əbəsə,24).

فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ

Hədislərdə “Təam”-dan (Yemək) məqsəd elm qeyd olunmuşdur. Bəs elmin təamı nədir?

Elm ruhun təamıdır və ruh əmr aləmindəndir. Əmr aləminin xüsusiyyəti budur ki, əgər bu barədə geniş şəkildə danışılıb, araşdırılsa, insanşünaslıq bəhsindən əlavə imamşünaslıq mövzusu da ortaya çıxacaq.

Ümumiyyətlə İnsan elə bir yerə çata bilər ki, əmr aləminə köməyi ilə, insanları hidayət etsin. Hidayət bəzən vəhy ayələrinin tanınması ilə də olur.

یهدون بالوحی

Bu növ hidayət, peyğəmbərlikdə olur.  Bəzən isə  hidayət imamət vasitəsi ilə olur.

Bu barədə Allah buyurur: Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. (Ənbiya, 73).

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا

Bu növ hidayət də, əmr aləmi ilə bağlıdır. Çünki bu hidayətdə, ruh və mələkut aləmi

tanınmalıdır. Ruh və mələkut aləmi tanınarsa, insanın ruhunun hansı vəzyyətdə olduğunu bilib, ona uyğun şəkildə hidayət etmiş olarıq.

Misal üçün həkim öz işini düzgün icra etmək üçün, iki mühim şeyi öyrənməlidir. Birincisi xəstəliklər və dərmanları, ikinci isə, təcrübəyə əsasən, xəstənin xəstəliyini aşkar edib, düzgün formada onu müalicə etməlidir.

Həkim bu prosedurları yerinə yetirmək üçün, xəstəliyin əlamətlərini bilməli, xəstənin nəbzini ölçməli, gözünün rənginə diqqət yetirməli və xəstənin cismində olan əlamətlərə diqqət yetirməlidir.

İnsanları haq yola yönəldən İmamın da işləri, həkimin işlərinə bənzəyir.  İmam insanın ruhunda olan əlamətlər vasitəsi ilə, onu müalicə və hidayət etməyə səbəb olur.

Ona görə də Quuran buyurur: Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik.(Ənbiya, 73).

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا 

İnsanın ruhu (2)

(Əmr) aləminə aid olan mövzular, bu kitabda danışılanlardan çox geniş və daha ətraflıdır. Əmr aləminin insanşünaslıq mövzusuna aid olan hissəsindən bunu öyrəndik ki, ruh əmr aləminə məxsus olan bir varlıqdır.

Allah quranda buyurur: Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (Bəqərə, 154).

وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ

Bəziləri bu ayəni elə başa düşə bilər ki, Allah yolunda ölənlər həqiqətən diri yox, bəlkə tarixdə və insanların yaddaşında qaldıqları üçün, diri kimi hesab olurlar. Bu yanlış düşüncədir. Həqiqətdə isə Allah yolunda ölənlər, həqiqətən də diridirlər. Allah yolunda ölənlər şəhiddir və şəhidlərdə elə bir varlıq var ki, cism və bədənin aradan getməsi ilə, həmin varlıq, aradan getmir. Həmin varlıq, uca ruhdur ki, öləndən sonra da diri qalmağa davam edir.

Ayədəki maraqlı cümlələrdən biri də budur ki, Allah buyurur: “Ölü deməyin”...

Ali-İmran surəsində isə, Allah belə buyurur: Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.(Ali-İmran,169).

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

Ayənin mənasından belə başa düşülür ki, Allah yolunda dünyasını dəyişənləri əsla ölü zənn etmək olmaz. Ümumiyyətlə, bu fikri heç zehin və xəyalınızdan da keçirməyin ki, onlar ölüdür.

Onların  Rəbblərinin yanında olduqları və onun bəxş etdiyi ruzidən bəhrələndiklərinə yəqin etmək lazımdır.

Şəhidlər haqqında nazil olan ayələr, ruhun qeyri-maddi olmasına işarə edir.

Ruhun qeyri-maddiliyini sübut edən digər ayə isə, Fəcr surəsindədir. Ayədə Allah buyurur: (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) 

Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Fəcr, 28,28).

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً

Növbəti ayələrdə isə belə buyurur:

(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!

(Onlarla birlikdə) Cənnətimə varid ol!” (Fəcr,29,30).

فَادْخُلِي فِي عِبَادِي وَادْخُلِي جَنَّتِي

Bu ayə onu göstərir ki, Allah qayıdış çağırışını, qəbirstanlığa dəfn olunaraq, çürümüş maddi bədənə etmir.Həmçinin onu da bilirik ki, insan “Qayıt” xitabına layiq olan bir varlıqdır. Allah da, elə insanın bu xüsusiyyətinə görə ona xitab edəcək.

Quranda bəzi ayələr də var ki, insanların bu dünyadan köçdükdən sonra, Bərzəx adlı bir aləmdə də yaşadıqlarını sübut edir. Bərzəx ayələri isə, varlığın qeyri-maddi olduğunu çatdırır və Allahla görüşün (Məqam və mənəviyyat baxımından) baş verməsi (liqaullah) anlamını bildirir.

Bu barədə Allah buyurur: Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (İnşiqaq, 6).

يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ

Əlbəttə ki, Allahla görüşdən məqsəd, Allahı cismlə görmək deyil. Bəlkə ayədəki məna, Allahın cəlal və camalını, rəhmət və cəzasını, behişt və cəhənnəmini görməkdir. Bunların özü, elə Liqaullah, yəni Allaha qovuşmaq və onu görmək mənasındadır.

Liqaullahın mövzusunun daha dəqiq və incə mənası vardır. Mövzumuz liqaullah olmadığı üçün, həmin dərinlikləri gətirmirik. Amma bunu da bilmək lazımdır ki, insan liqaullaha çatana kimi  hərəkətdədir.

Ona görə də Allah buyurur: Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (İnşiqaq, 6).

يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ

Altıncı dərsin xülasəsi

İnsanın ruhu

Bildiyimiz kimi İnsan müqəddəs ruha malik olan bir  varlıqdır. İsra surəsinin 85-ci ayəsinə əsasən bu ruh əmr aləminə məxsusdur.

Əraf surəsinin 54-cü ayəsinə əsasən isə, əmr aləmi bu dünyada olan iki aləmdən biridir.

  1. Yaradılış aləmi

Misal üçün insanın cisminin, eləcə də digər tədrici yaradılmış varlıqların yaradılışı, yaradılış aləminə məxsusdur.

  1. Əmr aləmi

Mələklər, ruh və bu kimi bir dəfəyə yaranan varlıqlar, əmr aləminə aiddir.

İnsanın ruhu, cism və maddədən ayrıdır və ölümlə aradan getmir.

Ali-İmranın 169-cu ayəsi və Bəqərənin 154-cü ayəsinə əsasən şəhidlərin cismi aradan getsə də, şəhidlər indi də diridirlər.

İnsan öləndən sonra, cisimdən əlavə diri qalan cəhəti də vardır.

OXŞAR VIDEOLAR