Saytımızda axtarın

     MENU
NƏCM SURƏSİNİN TƏFSİRİ

Nəcm surəsinin təfsiri (2)

Nəcm surəsinin təfsiri (2)

 

Bismillahir rəhmanir rəhim

“Və ma yəntiqu ənil həva. İn huvə illə vəhyun yuha”

Nəcm surəsinin 3-cü ayəsində qalmışdıq ki, Allah taala buyurur Peyğəmbər, həva-həvəsdən danışmaz. Hər nə ki, danışır vəhydir. Ərz etdik ki, bu həm merac barəsində olan sözlərə aiddir, (ki, peyğəmbər meracdan sizə gətirdiyi sözləri həva-həvəsdən deyil) həm də, Qurana aiddir ki, bütün Quran vəhydir və Allah tərəfindən nazil olubdur, bunu da (Quranı) Peyğəmbər öz həva-həvəsi ilə insanlara çatdırmayıb. Quran vəhydir, şeir, kəhanət, sehr, iftira deyil.

Eyni zamanda Peyğəmbərin öz sözləri də (ki, Quran deyil, merac sözləri deyil) “ma yəntiqu ənil həva” Peyğəmbər həva-həvəsdən danışmaz.

Bu son dediyimiz məsələyə hədislərdə bir sıra şahidlər də var.

Bir şahid, Suyuti “əd-Durrul-Mənsur”da qeyd edibdir. (Durrul-Mənsur, Qurana təfsir kitabıdır. Müəllifi Cəlaləddin Suyutidir. Bu təfsir kitabı rivayi təfsirdir, ayənin hədisləri qeyd olunubdur. Əhli-sünnənin təfsir kitablarından biridir)

Müəllif, kitabda bu hadisəni qeyd edir ki, Peyğəmbər göstəriş verdi ki, hər kəs “Məscidun-nəbiyyə” evinin qapısı açıbdırsa, qapısını bağlasın. Daha öz evindən məscidə daxil olmasın, bəlkə məscidə məscidin öz qapısından daxil olsunlar. (məscidin ətrafında yaşayan müsəlmanlar, səhabələr öz evlərindən məscidin içərisinə qapı açmışdılar) Peyğəmbər göstəriş verdi ki, fəqət İmam Əlinin (ə) qapısı istisna olaraq qalsın. Buna tarixdə “Səttul əbvab” hadisəsi deyərlər (Qapıların bağlanması)

Bu hadisə səbəb oldu ki, müsəlmanların bəzisi peyğəmbərə şikayət və giley etdiər ki, niyə Əlinin qapısı açıq qaldı, bizim qapılarımız isə bağlandı. Hətta Peyğəmbərimizin əmini Həmzə də bu işdən narahat oldu. Peyğəmbərin əmisi Həmzə sual eylədi (ola bilsin ki, Həmzənin soruşmağı buna görə idi ki, digər müsəlmanlar Həzrət Əlinin fəzilətlərini bilsinlər) bu suala görə Peyğəmbər “Məscidun-nəbi”yə gəldi və xütbə oxudu. “Ey camaat mən bu qapıları bağlamamışam. Nə də bu qapıları açmamışdım. Mən qapıları bağlayıb sizi məsciddən xaric etmədim, nə də Əlinin qapısını açıb onu məscidə varid etmədim. Bu işləri mən görmədim. Sonra isə Nəcm surəsinin bu ayələrini oxudu, And olsun batmaqda olan ulduza, Sizin dostunuz (Muhəmməd (s) (haqdan) azmayıbdır və məqsədini itirməyibdir. Danışığı da vəhydir. Həva-həvəsdən danışmaz.

Peyğəmbər bu ayələri “Səttul əbvab” hadisəsində oxudu.

Bəs, görünür ki, “ma yəntiqu ənil həva” ayəsi (Peyğəmbər həva-həvəsdən danışmaz) Peyğəmbərin işinə, davranışına və göstərişlərinə də aiddir.

İkinci şahid isə, Peyğəmbərin katibləridir. Həzrət Peyğəmbərin katibləri var idi. Onlar Peyğəmbərin sözlərini yazardılar. Katiblərin bəzisi Peyğəmbərdən soruşurdular ki, sən dediklərinin hamısını biz yazaqmı? Sənin rizayət halın var, qəzəb halın var, bəzən şadsan, bəzən hirslisən. Sənin dediklərinin hamısını yazaqmı? Həzrət Peyğəmbər buyurur ki, “Bəli, siz hər nə ki, məndən eşidirsiniz (istər qəzəb halımda, istər şad halımda) yazın”

Bunlar hamısı bunu göstərir ki, “ma yəntiqu ənil həva” Peyğəmbər həva-həvəsi ilə danışmaz.

Ayənin davamında buyurur ki, “Əlləməhu şədidul quva” Bunu ona (peyğəmbərə) çox qüvvətli olan öyrətdi.

Quranda şədidul quva” iki yerdə işlənibdir. Biri, Zariyat surəsində Allah taala barəsində işlənibdir. Ayədə buyurulur ki, “Allah həm rəzzaqdır (ruzi verəndir) həm də, böyük qüdrət sahibidir”. Zariyat surəsinin bu ayəsindəki şədidul quva” Allah taala barəsində işlənibdir.

Digəri isə, Təkvir surəsinin 18-ci ayəsində Cəbrail barəsində işlənibdir. Cəbrail də şədidul quva”dır.

Ona görə də bu ayələrdə olan təfsirlər iki növ olubdur. Şədidul quva” Peyğəmbərə öyrədən, Allah taaladır? Yoxsa Cəbraildir? şədidul quva” hansıdır?

Təfsir etməmişdən əvvəl bir məsələni xatırlatmaq istəyirdim ki, o da Quranın üslubu ilə tanış olmaqdır. Quranın üslubunda bütün kamalat Allahındır. Əgər Quranda o kamalat başqasına nisbət verilirsə, o da Allaha bağlı olaraq, Allaha tabe olaraq və Onun izni ilə olur.

Quranın bir ayəsində buyurulur ki, “Qüvvə, güc hamısı Allahındır”. Digər bir ayədə buyurulur ki, “Sizin də qüvvəniz var, öz qüvvəniz ilə nə veririk onu qəbul edin” (kitab veririk, vəhy nazil edirik onları öz qüvvəniz ilə qəbul edin) Bəs, sizin də qüvvəniz var. Bir ayədə buyurur, qüvvə hamısı Allahındır, bu ayədə buyurur, sizin də qüvvəniz var.

Bir ayədə buyurulur ki, İzzət hamısı Allahındır. Digər ayədə buyurulur ki, İzzət Allahındır, Rəsulunundur və möminlərindir. O ayə ki, buyurur izzət hamısı Allahındır, yəni, izzətin kökü, mənbəyi hamısı Allahındır. Bu ayə ki, buyurur Rəsulullah da, möminlər də əzizdir, yəni, Allahın izni ilə, Allaha bağlı olaraq, Allaha tabe olaraq bunlar da əzizdir.

Bəs, Quranın üslubu budur, tamam kamallar, tamam güclər, tamam qüdrətlər, tamam gözəlliklər hamısı Allahındır və bunun mənası “tövhidi əfali”dır. Aləmdə hər nə gözəlliklər var, paklıq var, qüdrət və kamal varsa, hamısı Allahdandır, mənbə Odur. O adam ki, Allaha bağlıdır, asılı olaraq kamalı Ondan alır. Asılı olaraq, müstəqil deyil.

Allah ölüləri dirildəndir, həzrət İsa da ölüləri dirildəndir. Amma həzrət İsanın ölüləri diriltməsi Allahın izni ilədir.

Allah taala can alandır, Əzrail də, mələklər də can alandır. Amma Allahın izni ilə can alandırlar. Bəs, O “biz-zat” dır. Bu iş zatən onundur. “Bil-ərəz” yəni, asılı olaraq isə bunlarındır. Allahın izni ilə, Allaha bağlı olaraq bunlara da o güc verilibdir.

Ona görə, əsl şədidul quva” Allahdır. Cəbrail də Allaha tabe olaraq, Onun izni ilə şədidul quva” hesab olunur. Heç bir eybi yoxdur həm Allah şədidul quva” ola, həm də Cəbrail şədidul quva” ola. Cəbrail da nə gətirsə, Allah tərəfindən gətirəcəkdir. Çünki, vəhy fəqət Allahındır.

Şura surəsinin axırıncı ayələrində buyurulur ki, “Vəhy yolu ilə hər nə ki, bəşərlə danışılır, Allahın kəlamıdır.” İstər bu kəlamı Cəbrail gətirə, istər ağac vasitəsi ilə deyilə, istərsə də Allah bir başa Özü deyə. Birbaşa da deyilsə, ağac vasitəsi ilə də deyilsə, mələklər vasitəsi ilə də deyilsə hamısı “yukəllimuhullah”dır Allahın kəlamıdır ki, ona çatır.

Bu ayədə də “Əlləməhu şədidul quva” əgər Cəbrail da olsa, yenə Allahın kəlamını çatdırmaqdır.

Lakin, zahirən bu ayələrdə bəzi şahidlər vardır ki, biz bu “əlləməhu”nu, “şədidul quva”nı və s. sözləri ki, davamında gələcəkdir, bütün bunları Allah məna edək Cəbrail deyil.

“Əlləməhu şədidul quva” Allah öyrətdi Rəsuluna, O Allah ki, şədidul quva”dır. Tamam güclər O Allahda nəhayətdə və zirvədədir.

“zu mirrətin” O Allah ki, qüdrət sahibidir. (mirrə - yəni, qüdrət) “fəstəva” (burada mümkündür “fəstəva” Allaha aid olsun) Allahın tamam aləmə tədbiri vardır, kontrol onun əlindədir (mümkündür “fəstəva” həm də Rəsulullaha aid olsun) Rəsulullah Allahın məhzərində dayandı (gələcəkdə izah olunacaq, bunlar hamısı fiziki və cismi mənada deyil, bunlar hamısı ruhi və qəlbi mənadadır)

“və huvə bil ufuqil əla” o halda ki, Peyğəmbər “ufuqi əla” da Allahın məhzərində dayandı.

“summə dəna fətədəlla” sonra o qədər yaxınlaşdı ki, meyvə necə ağaca asılı olar və yaxın olar, o cür yaxın oldu və bağlandı (bu bir kinayədir nəhayətən yaxınlaşmaqdan) Allaha yaxınlaşdı, yaxınlaşdı  “fətədəlla” bağlandı (necə ki, meyvə ağaca bağlanar)

“fəkanə qabə qəvsəyni əv ədna” iki yay uzunluğunda, məsafəsi oldu. İki yayın uzunluğu nə qədər olar? O miqdar Allahla fasiləsi oldu. “əv ədna” hətta ondan da yaxın (yəni, iki yaydan da yaxın fasilələri oldu) 

“fə əvha ila əbdihi ma əvha” (bu hala yetişəndə) Allah, öz bəndəsinə nazil edəcəyini, vəhy eylədi.

“ma kəzəbəl fuad ma rəa” (Peyğəmbərin) qəlbi gördüyünü yalan demir. Yəni, Peyğəmbər yalançı deyil, gördüklərini dedi və həqiqətən də gördü.

“əfətumarunəhu əla ma yəra” siz Peyğəmbərlə mübahisəmi edirsiniz? “Mera” israrlı mübahisə etməyə, deyərlər. “Mera” dinimizdə bəyənilməmiş sifətlərdəndir. Hətta haqq olanda da “mera” etməyin. Yəni, haqq da olsanız mübahisə etməyin. Kifayət qədər sübutunuz, dəliliniz varsa, izah edin, amma elə ki, gördünüz iş mübahisəyə gedib çıxır, o zaman dayanın və davam etməyin, hətta haqq da olsanız. Çünki, mübahisə həva-həvəsə, ixtilafa, kinəyə və s. zəminədi.

Ayə buyurur, “əfətumarunəhu əla ma yəra” siz Peyğəmbərlə gördüyü şey barəsində mübahisəmi edirsiniz?

Bəs, biz bu ayələri məna etdik ki, bunlar hamısı Allaha qayıdır. “Əlləməhu” Allahdır, “əvha ila əbdihi ma əvha” Allahdır. Bu ayələr hamısı bir axardadı, hamısı Allaha aid işlərdir. Allah təlim verdi, Allah vəhy eylədi, bunlar hamısı Allaha aid işlərdir.

Bəs, Allah taalayı görmək mümkün deyil. Allah cism deyil ki, görünsün. Quran çoxlu ayələrdə Allahın cism olmamağını izah edibdir. “Ləysə kəmislihi şəy” Allahın tayı yoxdur. Ənam surəsinin 103-cü ayəsində buyurur ki, “gözlər o Allahı görməz, O gözləri görər”

Bəs, Peyğəmbərin iki kaman uzunluğu qədər məsafə Allaha yaxın olur ayəsi, əgər bunlar Allaha aid məsələ olsa, bu bir növ ruhi və mənəvi yaxınlaşmaqdır ki, adına “şuhud” deyərlər. Qəlblə Allahı müşahidə etmək.

Bilirsiz ki, bir hissi müşahidə var, bu cismlədir. Bir də mənəvi yaxın olma var ki, bu da əqllədir, insan əqli ilə çata bir şeyə. Bir də qəlblə çatmaqdır ki, insan qəlblə Allahı müşahidə edə.

Bizim ayələrimizdə insanın qəlblə Allahı müşahidəsi və Ona yaxınlaşması ki, adına “liqaullah” deyirlər, sübut olunubdur.

 

OXŞAR VIDEOLAR